Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Çinarlı qəsəbəsində iki ailəyə məxsus ev yanıb. Bir vətəndaşa məxsus ümumi sahəsi 225 kv. m olan 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları 165 kv. m sahədə, ev əşyaları qismən, digər vətandaşa məxsus ümumi sahəsi 110 kv. m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv. m, 1 otağının tavanı 20 kv. m sahədə (ümumi 245 kv. m) yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Qələndərova Günay Şahin qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.