İntensiv yağışlar Ağsu aşırımında uçqunlara səbəb olub. Lent.az-ın Kanal S-ə istinadən məlumatına görə, Ağsu-Şamaxı yolunda mövcud olan 7 sürüşmə zolağı aktivləşib.
Vəziyyətlə bağlı əlaqədar qurumlar hərəkətə keçib. 3 gündür əraziyə yağan intensiv yağışlar torpaq sürüşməsinin aktivləşməsinə səbəb olub. Əsasən yolun 144, 146, 148, 149, 151 və 154-cü km-də sürüşmələr daha aktiv şəkildə özünü göstərir.
Adı çəkilən ərazidə bərpa işlərinə start verilib. Uçqun baş verdiyi yolda müəyyən işlər aparılmasına baxmayaraq uçqun vuran ərazi gündən-günə çoxalmaqdadır. Sürüşməyə meylli olan ərazilərdə artıq dağıntılar qeydə alınıb. Sürüşmələrin miqyası hər ötən gün böyüyür. Ən böyük uçqun 148-ci km-də qeydə alınıb. Yüksəklikdən qopub gələn qaya parçaları avtomobillərin hərəkət etdiyi yola tökülüb.
Çəkiliş zamanı görüntünü lentə alan operatorumuz çətin anlar yaşayıb. Ağsudan Şamaxı istiqamətində bəzi yolların kənarına böyük dayaq hasarları qoyulub. Magistral yolda hərəkət daha da təhlükəli olmağa başlayıb. Sürüşmələr bu cür davam edərsə, magistral yol bağlana bilər. Sürüşmənin məruz qaldığı ərazi 12 saylı Ağsu yol istismar idarəsi tərəfindən nəzarətə götürülüb. Uçqun vurmuş ərazi qırmızı lentlə əhatəyə alınıb. Uçqunla əlaqədar sürücülər yaxınlıqda yeni inşa olunmuş alternativ yoldan istifadə edirlər.
Ağsu aşırımında təhlükəli vəziyyət yaranıb
1187