Qazax rayon sakinində odlu silah olması və onu satmaq üçün Ağstafa rayonuna aparması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan Lent.az-a verilən məlumata görə dərhal Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Qısa zaman ərzində rayon sakini İlham Nəsibovun Ağstafa rayonu istiqamətində hərəkətdə olduğu müəyyən olunuraq saxlanılıb. Vətəndaşa məxsus idman çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan 1 ədəd “AKC74Y” tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib. Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib.
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.