Genişmiqyaslı təlimlərin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb. Bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilir, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.
Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.