“Qardaşım oğlu Dadaşzadə Qorqud Rövşən oğlu dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Hazırda həkimlər 3200 manat borcu əsas gətirib, uşağın cəsədini bizə verməkdən imtina edirlər”.
Bunu APA-ya açıqlamasında mərhumun əmisi Şəhriyar Dadaşov deyib.
Onun sözlərinə görə, iranlı həkimlər qardaşı oğlunun başqa diaqnozla öldüyünü deyiblər: “Bir həftə bundan əvvəl uşaq İranda sağalmışdı. Qaraciyər və dalağındakı şiş çəkilmişdi. Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyir ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, 2-3 gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb”.
Ş. Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib: “Uşaq hələ sağ olanda dedilər ki, müalicə bitsin, biz sizə xərcin həcmini deyəcəyik. Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Bəs sizin 3200 manat borcunuz var. Borcu ödəyəcəyiniz təqdirdə uşağın cəsədini verə bilərik”.
Qeyd edək ki, Dadaşzadə Qorqud Rövşən oğlu ötən il aprelin 24-də Cəlilabad rayonunda anadan olub.