Fövqəladə Hallar Nazirliyi meşələrdəki yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 24.03.2018-ci il tarixində axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.
Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.
Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.
Səhər saatlarından külək zəifləyib və yağış yağmağa başlayıb.
Əlavə məlumat veriləcək.
****
24 mart 2018-ci il tarixində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib. Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.