GÜNÜN ŞƏRHİ
Dünyada gözlənilən iqtisadi böhran ərəfəsində dondurulmuş münaqişələrin donunun açılması, aktiv münaqişələrin isə miqyasının genişlənməsi supergüclərə hava-su kimi lazımdır. Bu səbəbdən Kobani adlanan kiçik qəsəbə İŞİD-dən təmizlənmir, əksinə qəsəbənin strateji əhəmiyyəti süni şəkildə şişirdilir və Kobani region dövlətlərinin maraqlarının cəm olduğu bir bölgəyə çevrilir. Koalisiya qüvvələri Kobanini bircə gün ərzində İŞİD-dən təmizləyə bilər, həm də təkcə Kobanini deyil, həmçinin İŞİD-in nəzarətində olan bütün əraziləri. Biz isə əksini görürük, İŞİD pazını peşmərgə pazı ilə çıxarmağa çalışırlar, Türkiyədən dünənə kimi bu dövlətə qarşı döyüşən qüvvələrə Kobaniyə keçmək üçün təhlükəsiz dəhliz açmağı tələb edirlər. Qısası, Suriya və İraqda baş verən proseslərin mahiyyətində bir məqsəd durur – Türkiyəni hər vəchlə münaqişəyə cəlb etmək, daha doğrusu münaqişənin tərəfi etmək. Ankaranın indiki şərtlər daxilində İraq və ya Suriyaya hərbi kontingent yeritməsi heç bir problemi həll edə bilməz, əksinə Türkiyəni çıxılmaz bataqlığa soxar. Ankara uzun müddət bununla bağlı təzyiqlərə davam gətirsə də, sonra təslim oldu və Kobaniyə “bordo bərəli” kontingent göndərmək qərarı Türkiyənin bataqlığa girmək qərarını rəsmiləşdirdi. Və bu bataqlıqdan Türkiyəni kimsə çıxarmayacaq... Əksinə proseslərə hərbi müdaxilə İŞİD terrorunun Suriya, İraq sərhədlərini aşaraq Türkiyəyə keçmək ehtimalını artmış olacaq. Bax, belə. İndi bu duanın lap yeridir, çünki türkün indiki qədər bu duaya ehtiyacı olmayıb – Tanrı türkü qorusun!