Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Qax rayonundan xeyli sayda silah-sursat tapılıb.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Sərhəd-sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində 3 yerdə post qurulub, tədbirin ilk iki günü xeyli sayda silah-sursat aşkarlanıb, Rusiyada axtarışda olan bir nəfər şəxsin yeri müəyyən edilib. Belə ki, tədbir nəticəsində rayonun Əmircan kəndinin girişində kolluq ərazidən 1 ədəd 12 çaplı tək lülə ov tüfəngi, 1 ədəd əl qumbarası, 1 ədəd əl qumbarasının alışqanı, 87 ədəd 5,45 çaplı avtomat gülləsi və 1 ədəd 168 mm-lik “Kalaşnikov” pulemyotu gülləsi aşkar edilərək götürülüb. Rusiya Fedarasiyasının Volqaqrad vilayətində cinayət törədərək axtarışda olan, Qax rayonu İngiloy kənd sakini, 1970-ci il təvəllüdlü Berakaşvili Lado Alekseyeviçdən müvafiq izahat alındıqdan sonra rayonu tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, mayın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.