Səmti müəyyən etmə növü üzrə FHN-nin IV çempionatı keçirilib
23 sentyabr 2016 14:30 (UTC +04:00)

Səmti müəyyən etmə növü üzrə FHN-nin IV çempionatı keçirilib

0

 

Səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının qalibləri məlum olub.

 

FHN-in mətbuat xidmtindən Lent.az-a verilən məlumata görə, Qəbələ rayonunda nazirliyin İdman-Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının final mərhələsi keçirilib.

 

Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə üzrə idman yarışına 23 qurumdan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığını diqqətə çatdırıb. Bildirib ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, FHN-nin əməkdaşları şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Qeyd olunub ki, FHN-in səmti müəyyən etmə komandası dünya və Avropa çempionatlarında iştirak edəcək. Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN-in əməkdaşlarının və komanda üzvlərinin qidalanmaları, gecə qalmaları üçün meşədə lazımı şəraiti olan çadırların qurulduğunu bildirib.

 

Tədbirdə FHN-nin İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik ediblər, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

 

FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının hakimi Nataliya Əliyeva yarışların baş hakimi olub. Əvvəlcə kişi iştirakçılar kompas və xəritədən istifadə etməklə 4.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılıb. Qadınlar isə kompas və xəritədən istifadə etməklə 3.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsinin tapılması uğrunda yarışıblar. Həmin yarışda da iştirakçılara 2 saat vaxt verilib.

 

Yarışda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, FHN-nin Bakı Regional Mərkəzinin komandası ikinci, FHN-nin Sumqayıt Regional Mərkəzinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yeri tutub. Kişilərin yarışında FHN-nin mərkəzi aparatının əməkdaşı Elçin Əhmədov birinci, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, FHN-nin Müki Müdafiə Qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə çıxıb. Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar