APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, 25 yaşlı E.Əhmədovun cənazəsi günün ikinci yarısında Qaxa gətirilib, axşam saatlarında Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin komandanlığı və döyüş yoldaşları, o cümlədən rayon ictimaiyyəti iştirak edib.
Şəhid atası Rasim Əhmədov övladının vətən uğrunda canından keçdiyini, bu günün onun üçün şərəf günü olduğunu söyləyib. R.Əhmədov oğlunun hərbi xidmətdən qayıtdıqdan bir neçə ay sonra könüllü olaraq yenidən cəbhə bölgəsinə hərbi xidmətə yollandığını bildirib. O qeyd edib ki, övladı onunla söhbət edərkən ömrünün sonunadək vətən uğrunda xidmət edəcəyini deyib.
Qeyd edək ki, şəhid olan E. Əhmədovun avqustun 15-də nişan mərasimi keçiriləcəkdi.