Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən General Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində işlər yekunlaşmaq üzrədir. ASC-dən Lent.az-a verilən məlumata görə, sabah küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunacaq.
Qeyd edək ki, təmir olunan hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kvadrat metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla küçəyə 3 min paqon-metr səki daşı düzülüb.
Küçənin yenidənqurulmuş hissəsi açıldıqdan sonra, küçənin digər hissəsi, yəni Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsi təmir işləri ilə əlaqədar bağlanacaq. Bu hissənin isə uzunluğu 1200 metr, eni 18 metrdir. Anoloji işlər bu ərazidə də həyata keçiriləcək.
Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.