Şahmat turniri keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibə veteranları və ehtiyatda olan zabitlər arasında mərhum president Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.
Xidmətdən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyası”, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi, “20 Yanvar Cəmiyyəti”, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi və “Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin təmsilçiləri turnirdə qalib gəlmək üçün mübarizə aparıblar.
Turnirin açılış mərasimi Azərbaycan Şahmat Federasiyasında baş tutub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, ehtiyatda olan zabitlər və Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın geniş vüsət almasından danışıb. O həmçinin bildirib ki, şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını dəfələrlə dünyaya nümayiş etdiriblər. İntellektuallığı ilə seçilən şahmatçılarımız həm də vətənpərvərlik, əsl vətəndaşlıq mövqeləri ilə seçilirlər. Bu gün təşkil olunan veteranlar arasındakı turnirdə vətən uğrunda canlarını döyüşlərdə sipər etmiş fədakar iştirakçılar təmsil olunurlar.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnir iştirakçılarına uğurlar diləyərək şahmatçılarımızın daim ölkəmizin nüfuzunun yüksəldilməsi, bayrağının zirvələrdə dalğalanmasına çalışdıqlarını bildirib. Şahmatçılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən Faiq Həsənov son illərdə ölkəmizdə idmanın bu növünün çox inkişaf etdiyini və böyük nailiyyətlər qazanıldığını vurğulayıb.
Turnirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına minnətdarlığını bildirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş veteranlar arasında şahmat turnirinin Xidmət tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı olduğunu qeyd edib. Z. Abdullayev müharibə veteranlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq veteranların iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilir, onların qarşılaşdıqları problemlərin həll edilməsində yaxından köməklik edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli müharibə veteranları, əlilləri və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açaraq turnirin keçirilməsinin bu istiqamətdə əyani sübut olduğunu qeyd edib.
Turnirin yekununda qaliblər müəyyənləşib. I yeri Aslanov Pərviz Eldar oğlu, II yeri Hüseynov Əhməd Yaqub oğlu, III yeri Əhlimanov Oqtay Zabit oğlu tutublar. Qaliblərə diplomlar təqdim edilib.
438