Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 70-ci ildönümü qeyd olunub. Lent.az-ın məlumatına görə, rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulub. Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olub, onlara bayram sovqatları çatdırılıb. Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilib.
Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırıb. Bildirilib ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri var. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevrilib, Azərbaycanın ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınıb, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlib.
Çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin şagirdlərinin veteranlar qarşısında konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, polkovnik-leytenant Polad İbrahimov veteranlara «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi» yubiley medalını təqdim edib, onlara Səbail rayon İjra Hakimiyyəti tərəfindən hədiyyələr və maddi yadımlar verilib.