Aprelin 1-də Daxili İşlər Nazirliyində şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib.
Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, polis sahə rəisləri institutu yaradılıb, onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması, polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər görülüb. Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışıb, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndirilib. Toplantı iştirakçılarına konkret tapşırıq və tövsiyyələrini verən cənab Ramil Usubov xatırladıb ki, polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2007-ci ildə imzaladığı "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncamla sahə inspektorlarının səmərəli fəaliyyəti üçün zəruri şəraitin yaradılması barədə tapşırıqlar verilib.
İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından tanış olacaqlar.