Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyul 2018-ci il tarixində Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 m 3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.