Azərbaycan prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.
68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.
Azərbaycan prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
İ. Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir.
Prezident İlham Əliyev bu gün eyni zamanda Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolun uzunluğu 1070 metr. Yolun körpüyə qədər hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir.
Stend Atıcılığı İdman Kompleksinə gedən yol da tam hazırdır. Uzunluğu 1,4 kilometr, eni 21,5 metr olan yolun inşasına isə ötən il başlanılıb.
Bu yolların istifadəyə verilməsi Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələrinin birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxmasına şərait yaradacaq.
Dövlət başçısına Bakı-Sumqayıt yolunun 9-cu kilometrində inşa olunan 5 körpü və Sumqayıt-Bakı istiqamətində yan yolun genişləndirilməsi işləri barədə də məlumat verilib. Ərazidə inşa olunan 5 körpünün ümumi uzunluğu 400 metrdir. Burada 2350 metr uzunluğunda yan yollar genişləndirilib və yolun eni 15 metrə çatdırılıb.