Prezident İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşvilini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycanla Gürcüstanı dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələr xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram”.