Bakı şəhər Baş Polis İdarəsində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, ölkədə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində Azərbaycanın daxili işlər orqanlarının üzərinə qoyulmuş vəzifələr yerinə yetirilib, bu istiqamətdə paytaxt polisi də fəal çalışıb, öz vəzifələrinin öhdəsindən layiqincə gəlib.
Müşavirədə həmçinin qeyd olunub ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən 3 aksiyanın qarşısı alınıb, şəhər miqyasında keçirilən 48 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 46 tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.
İstintaq işlərinin və təhqiqatların aparılması, yol təhlükəsizliyinin təmin olunması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülmüş, müsbət nəticələr əldə edilib.
Əməliyyat müşavirəsinə yekun vuran Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi ölkə rəhbərliyini və daxili işlər naziri Ramil Usubovu əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, qanunçuluğun etibarlı qorunması, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri və verilən göstərişləri qətiyyətlə yerinə yetirəcək.