İstintaq təcridxanasının əməkdaşı müəssisəyə narkotik vasitə keçirərkən saxlanılıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.aza verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib və ondan 1 ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik vasitə “tiryək” aşkar olunaraq götürülüb.
Ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub.
Bundan başqa Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən Həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilərkən ondan 1(bir) ədəd “Samsunq” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric edilib. Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.