Rusiyanın Moskva üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri Anatoli Yakunin azərbaycanlı Orxan Zeynalovun ələ keçirilməsində kömək qarşılığında 1 milyon rubl mükafat verib. Lent.az-ın məlumatına görə, bu barədə “İnterfaks”a Baş İdarənin mətbuat xidmətindən bildirilib.
Yakunin bu gün Yeqor Şerbakovun qətlinin açılmasında polis əməkdaşlarına kömək etmiş vətəndaşlarla şəxsən görüşüb. O, həmin şəxslərə təşəkkürünü bildirərək, əvvəlcədən vəd etdiyi mükafatı təqdim edib. Mükafatın məbləği 1 milyon rubl olsa da, kimə və ya kimlərə ödənildiyi açıqlanmır.
Daha öncə O. Zeynalovun yaşadığı mənzilin sahibinin 1 milyon rublla mükafatlandırılacağı bildirilirdi. Habelə, mətbuatda O. Zeynalovun tutulmasına öz qohumlarının kömək göstərdiyi yazılmışdı.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı “Pokrov” bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib. Rusiya polisi oktyabrın 16-da Orxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib. Yeqor Şerbakovun rəfiqəsi Kseniya Papova isə qətli Orxan Zeynalovun törətdiyini iddia edib. Oktyabrın 17-də Moskvanın Presnensk Məhkəməsi Orxan Zeynalovun 2 ay müddətində həbs edilməsi barədə qərar verib.