“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimovun ailəsi ilə görüşü, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə qaldırdığı məsələlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciətində göstərdiyi halların araşdırılması məqsədilə Ombudsman Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, eyni zamanda, MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə əlaqə saxlanılıb, məlum olub ki, onun saxlanılma şəraiti və rəftarla bağlı şikayəti yoxdur.
Digər qaldırdığı məsələlərin isə qanunvericilik çərçivəsində tənzimləndiyi bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim 25 sentyabr 2013-cü il tarixində MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan P. Həşimovla görüşüb, saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.
Görüş zamanı P. Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.
Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. P. Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib.