Lənkəran rayonunda güclü yanğın hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 24-də saat 13.30 radələrində rayonun Hirkan qəsəbə sakini, 1955-ci il təvəllüdlü Gülməmməd Əlibala oğlu Qulamova məxsus iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən əvvəlcə 2, daha sonra əlavə olaraq bir yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. 2,5 saatlıq mübarizədən sonra yanğın tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, 240 kvadrat metrlik evin ikinci mərtəbəsinin 90 kvadrat metrlik sahəsi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.