GÜNÜN ŞƏRHİ
Dünyada siyasi qütbləşmə dərinləşdikcə hər kəs öz rəngini bəlli etməyə başlayır. Yaxın Şərqdə ABŞ-Səudiyyə Ərəbistanı ittifaqına qarşı yeni koalisiyanın eskizi çoxdan hazırdır, amma məsələ hələ eskizlikdən o yana getməyib. Əsədin açıqladığı kimi Rusiya, İran və Suriyanın Yaxın Şərqdə gedən proseslərə ortaq baxışları mövcuddur, antiQərb koalisiyasını hələlik uduşlu çıxaran da maraqları uzlaşdıra bilmələridir. Qərb Suriya və İraqda hələlik yalnız bir hədəfə - xaos yaratmağa nail olub. Amma bu, idarəolunan xaos olmadığından Qərbin Yaxın Şərq planlarından qazanan tərəf hələlik İran və Rusiyadır. AntiQərb koalisiyasına Yəməndə çevriliş etmək, dünyanın ən mühüm enerji tranziti yollarından birini nəzarətə götürmək fürsəti qazandıran da budur - ABŞ-ın Yaxın Şərq siyasətinin iflası. Birləşmiş Ştatlar hər şeyə rəğmən bölgədəki potensial tərəfdaşlarını tam müttəfiqə çevirməyi bacarmayıb. Hətta Türkiyə, İsrail belə İran, Suriya, İraq, Yəmən məsələlərində ABŞ-la yüzdə yüz həmfikir deyil. Əsəd bu siyahıya haqlı olaraq Avropa İttifaqını da əlavə edir. Zərurət yaranacağı təqdirdə Çin, Hindistan kimi güclərin siyasi, yoxsa iqtisadi maraqlara üstünlük verəcəyi də sual altındadır. Yaxın Şərqdə meydana çıxacaq komandaların heyəti tam dəqiqləşmədiyinə görə oyunun nəticəsini proqnozlaşdırmaq da çətin olur. Hələlik isə məlum olan yeganə məsələ budur – oyun mütləq baş tutacaq.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Mart
0
0
0
0