GÜNÜN ŞƏRHİ
100 il öncə baş vermiş hadisələrə qiymət vermək tarixçilərin vəzifəsidir, hazırda baş verən hadisələrə qiymət vermək isə siyasətçilərin... Amma çərxi-fələk tərsinə dövran edir indi... 1915-ci il hadisələrini soyqırımı kimi dəyərləndirən Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparılması faktı qarşısında susurlar. Halbuki məntiqlə, beynəlxalq hüquqla, lap elə vicdanla bu tərsinə olmalıdır. Həmsədr ölkələr Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini pisləməli, 1915-ci il hadisələri ilə bağlı “buna tarixçlər qiymət versin” deməlidir. Yaxud 1915-ci ildə nə baş verdiyinə qiymət vermək Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin işi deyil. Adamın vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etməkdir. Amma yenə də çay tərsinə axır, Uorlik 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı verir, amma ermənilərdən “Siz hansı haqla işğal etdiyiniz ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti yürüdürsünüz” deyə soruşmur. Din faktorunun siyasətdə ən önəmli yer olduğunu düşünənlərdən deyiləm, amma belə olanda düşünürəm ki, müsəlmanlar xristianlara boş yerə tərsa deməyiblər... Qərbin xristian təəssübkeşliyi ilə ermənilərə dəstək verməsindən sonra düşünürəm ki, düz deyiblər, tərsa elə tərs deməkdir, yəni, işləri tərs görən adam... Allah tərs işimizi avanda salsın!
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Aprel
107