Daxili İşlər Nazirliyi Bakıd apolis tərəfindən yaxalanmış silahlı şəxslərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş “AKM” markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus “VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş “Naqan” tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.
N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.
Bundan başqa Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Məhərrəm Məmmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.
Həmçinin Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Sultan İsayevdən “AKS” markalı silah, 25 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Aparılan axtarış tədbirləri nəticəsində Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən Gürcüstan vətəndaşı Samir Əliyevdən 2,320 qram heroin, süngü-bıçaq, 22 ədəd avtomat patronu və 1 ədəd patron darağı götürülüb.