İyunun 23-də - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah binası, 126 yerlik əsgər və 52 yerlik zabit yataqxanaları, yeməkxana, kafe, qazanxana və avtomobillər üçün saxlanc yeri inşa edilib. Qərargah binasında iş və sinif otaqları var. Sinif otaqlarında yaradılan şərait şəxsi heyətin hərbi-nəzəri biliklərinin və ideoloji hazırlıqlarının artırılmasına öz töhfəsini verəcək. Hərbi hissədə əsgərlərin fiziki və hərbi hazırlığı diqqətdə saxlanılıb, sıra meydanı, ümumqoşun maneələr zolağı və idman şəhərciyi salınıb, voleybol, basketbol və futbol meydançaları istifadəyə verilib.
Məlumat verilib ki, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunub. Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir.
Hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsi daimi dislokasiya və səhra şəraitində döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə heyətlərinin idarə olunması üçün nəzərdə tutulub. İdarəetmə məntəqəsi planşet, radiostansiyalar və digər zəruri avadanlıqlarla təchiz edilib. Bu da muxtar respublikanın istənilən ərazisində hava hücumundan müdafiə heyətlərinin idarə olunmasına və hava məkanına nəzarətin həyata keçirilməsinə imkan verir. Hazırda 6 idarəetmə məntəqəsi istismara verilib.
Baxış zamanı qeyd olunub ki, ərazidə yeni istirahət parkı da salınıb. 5 min kvadratmetr sahəni əhatə edən parkda dekorativ ağaclar və gül kolları əkilib, şəlalə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda oturacaqlar və şahmat stolları qoyulub, sakinlərin mənalı istirahəti təmin olunub.