“Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar. Bu, ilk dəfə deyil, dəfələrlə bunun şahidi olmuşuq. Gün ərzində erməni mətbuatının yaydığı məlumatlar yalandır, saxtakarlığa yol verilir, real vəziyyəti və həqiqəti əks etdirmir”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, ermənilərin internet saytlarında yaydıqları həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərinin və vurulmuş pilotsuz uçuş aparatının görüntüsü saxtadır: “Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu videokadrlardan görmək olar. Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir. Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil. Azərbaycan ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır”.