Mübariz ...iz: pozulan və qalan
19 iyun 2013 11:35 (UTC +04:00)

Mübariz ...iz: pozulan və qalan

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

 

Quran-i-Kərim, Ali-İmran s. 169-cu ayə

 

 

 

Mübariz Şəhid olanda özəl telekanalların birində işləyirdim. Xəbər hamını şoka salmışdı. Atəşkəs rejiminə baxmayaraq, təmas xəttində az qala hər gün belə hadisələrin baş vermə xəbərinə alışsaq da, Azərbaycan Silahlı Qüvvələrinin Mübariz İbrahimov adlı zabitinin Vətən adından düşməndən təkbaşına qisas alaraq qeyri-adi şəraitdə şəhid olması bütün ölkəni, hətta qonşu dövlətləri də heyrətə gətirmişdi. Onun məhv etdiyi ermənilərin sayı barədə indi də müxtəlif rəqəmlər deyilir.

 

Ermənilər mübariz “sürpriz”i unutmayıblar və heç vaxt da unuda bilməyəcəklər.

Mübarizin şəhid olmasından bir neçə gün keçmişdi, atası Ağakərim dayı Bakıya, Müdafiə Nazirliyinə çağırılmışdı. Müvafiq qurum rəhbərlərinin qəbulunda olduqdan sonra Biləsuvara, evə qayıtmağa hazırlaşırdı. Jurnalist araşdırmaları nəticəsində Ağakərim dayının izinə düşdüm. Onu şəhərdən kənarda, yol üstündəki bir kafedə tapdım. Səhərdən bir qurtum su da içməmiş şəhid atasını yola düşməzdən əvvəl qohumu məcburən çay masasına əyləşdirə bilmişdi. Çox fikirli və çaşqın təəssürat bağışlasa da, üzündən, hərəkətlərindən oğlunun Vətən uğrunda şəhid olmasından qurur hissi duyduğunu da asanca oxumaq olurdu.

Sağ olsun, sözümüzü yerə salmadı, bizə müsahibə verdi. Mömin olması ona söhbət əsnasında kövrəlməməyə, hisslərini cilovlamağa kömək edirdi. Bilirmiş, lap əvvəldən bilirmiş ki, oğlu canını Vətənə fəda edəcək. Çünki işğalla barışmayan Mübariz evə hər gəlişində düşməndən xüsusi qisas alacağını dönə-dönə deyirmiş. Görüşümüz zamanı Ağakərim dayı da, oğlu kimi, məni heyrətləndirmişdi – şah duruşu ilə, suallara məntiqli və təmkinli cavabları ilə, bir də səbri ilə...

Böyük həyəcan və sarsıntı ilə müsahibəyə başladım. Bir-iki kəlmə danışmışdıq ki, nə həyəcandan, nə də sarsıntıdan əsər qalmışdı: Mübariz kimi oğul itirmiş ata elə qürur və iradə ilə danışırdı ki, bəzən sözlərindən qələbə, təbrik ətri gəlirdi. Əllərini bütün varlığımla sıxdım Ağakərim dayının. Həyatımda ilk dəfə kiminsə əlini bu dərəcədə qürur hissi ilə sıxırdım...

Ayrılanda telekanalımızın bir istəyini də Ağakərim dayıya çatdırdım. İstək də Mübarizin igidliyini, şücaətini ictimaiyyətə çatdırmaq, bilməyənlərə tanıtmaq üçün təhsil aldığı məktəbdə, məşq etdiyi yerlərdə lentə alınmış videokadrlardan bir çarx yığmaq və onu efirdə mütəmadi nümayiş etdirmək idi. Dedi ki, şükür var, Mübarizin xeyli videogörüntüləri qalıb: “Qızım, evə çatan kimi kasetlər bölgə müxbirinizə verəcəm”.

Amma bu istəyimiz reallaşmadı. Yox, Ağakərim dayı sözündən qaçmamışdı. Sən demə, Mübariz arxasınca iz buraxmayıb, daha doğrusu, mübarizliyin bariz nümunəsi sayılan, sözün ən geniş mənasında VƏTƏN OĞLU maddi dünyamızdakı izləri də özü ilə ruhi dünyasına aparıb.

Ağakərim dayı evə çatanda Mübarizin videokasetlərinə bir-bir baxmağa başlayır ki, daha münasiblərini seçsin. Ancaq rastlaşdığı mənzərədən dəhşətə gəlir –görür ki, kasetlərin hamısından görüntülər pozulub.

İkinci bir dəhşətli itkinin acısını yaşaya-yaşaya Ağakərim dayı fikrə dalır, olmuşları göz önündə canlandırmağa, xatırlamağa çalışır. Və birdən... hərbi qulluğa getməmişdən əvvəl Mübarizin kasetlərə baxdığını “görür”: Azərbaycanın gələcək fəxri kasetləri bir-bir “vərəqləyərək” özünə baxır, sonra da sakitcə görüntülərini pozur.

O xəbəri eşidəndən mən də sakitlik tapmıram. Tapmadığım bir də “görüntüləri həqiqətən Mübarizin özümü pozub?” sualının cavabıdır. Müəmma dolu bu hadisə barədə daim düşünürəm. Sualı yalnız bir adam cavablandıra bilərdi ki, o da aramızda yoxdur...

Bizim bildiyimiz bircə odur ki, keçmişindən iz buraxmayan Mübariz, bu gün hər bir azərbaycanlının qəlbində iz salıb. Lap adının sonluğu kimi. Valideynləri adını verəndə yəqin heç düşünməmişdilər ki, bu oğul mübarizliyin bariz nümunəsinə çevrilərək, Vətən tarixində əsrlər boyu silinməyəcək İZ buraxacaq. Şəhidlik böyük məktəbdir. Onun diplomu Alidir. Amma o Aliliyə yiyələnmək üçün universitet bitirməyə ehtiyac yoxdur. Onu ancaq yüksək mənəviyyat, sağlam əqidə və hüdudsuz vətənpərvərliklə qazanmaq mümkündür. Bunun üçünsə İslam tarixinə baxmaq gərəkdir.

 

Hər şey Haqq və Ədalət uğrunda mübarizədən başlayır. Mübariz də mübarizədən başladı və Ali dərəcəyə yüksələrək tarixi yenilədi.

 

Yeni tarix yazmaq istəyən yeni könüllü varmı?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085
avatar

Pərvanə Sabirqızı

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21