Mingəçevirdə  dələduzluq edən iki qadın saxlanıldı
13 fevral 2015 20:26 (UTC +04:00)

Mingəçevirdə dələduzluq edən iki qadın saxlanıldı

Mingəçevir şəhərində 40-a yaxın vətəndaşın “T group” Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi faktı aşkarlanıb.

 

Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, aldadılan vətəndaşlardan bir qrupunun müraciəti əsasında polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, “Tağıyev LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri, Bakı sakinləri Tağıyeva Pərvanə Vaqif qızı və Sanilı Ülkər Aydın qızı Mingəçevirdə kirayə ofis götürüblər və yerli vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edərək 35 min manatdan artıq məbləğdə pulu mənimsəyiblər.

 

Tədris mərkəzinin Mingəçevirdəki ofisinə iş üçün müraciət edən vətəndaşlara müəllim, tibb işçisi, bağban, aşpaz və digər sahələr üzrə işlə təmin olunacaqlarını və yüksək əmək haqqı alacaqlarını vəd edərək onların hər birindən 500-1000 manat məbləğində pul tələb ediblər. Vətəndaşların pulu Ülkər Sanilinin “AccessBank”dakı hesabına köçürdürülməklə ələ keçirilib. Vətəndaşlar pulu banka ödədikləri vaxtdan 3 ay keçməsinə baxmayaraq heç bir işin sahibi olmayıblar və əmək haqqı almayıblar. Aldandıqlarını başa düşən insanlar şəhər polis şöbəsinə ərizə ilə müraciət ediblər.

    

Dələduzluqla məşğul olan qadınların hər ikisi şübhəli şəxs qismində saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar