Mənimsəmədə təqsirləndirilən sabiq deputatın oğlunun məhkəməsində şirkət rəhbəri ifadə verib
0
0
Sabiq millət vəkili Dünyamalı Məmmədovun dələduzluqda təqsirləndirilən oğlu Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində "Happy Baku" MMC”nin rəhbəri Cavid Cümşüdov ifadə verib.
C.Cümşüdov Elvin Məmmədovun işçisi olduğunu deyib. Şirkət rəhbəri bildirib ki, Elvin Məmmədov ümumilikdə ona 758 min manat ziyan vurub: “Bu məbləğin yarısından çoxu 2014-cü ilə qədər ələ keçirilib".
Cavid Cümşüdov qeyd edib ki, Elvin Məmmədovun həbs edilməsini istəməyib, buna görə də pulun ödənilməsi üçün müqavilə imzalayıb: "Onun həbs edilməsi heç nəyi dəyişməyəcəkdi. Fikirləşdim ki, pulu ödəyər. Müqavilə imzaladıq, amma onu həbs elədilər. Elvin pulunun 100 minini ödədi. Biz də düşündük ki, qalanını da ödəyəcək. Amma ödəmədi".
Məhkəmə iclası iyunun 25-də davam etdiriləcək.
Qeyd edək ki, Elvin Məmmədov "Happy Baku" MMC-nin direktoru olub. O, şirkətin 758 min manta pulunu dələduzluq yolu ilə mənimsəmədə təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Onu da qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə Cəlilabad seçki dairəsindən deputat seçilib.
0
0