Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə jurnalist Xədicə İsmayılla Müsavat Partiyasının funksionerləri arasında qalmaqal baş verib.
APA-nın məlumatına görə, X. İsmayıl Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.
X. İsmayıl bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir: “Biz yığışaraq, bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar. Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısı ilə onların hazırladığı siyahı üst-üstə düşmür”.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı isə buna etiraz olaraq deyib ki, Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır.
Partiya başqanının müavini Gülağa Aslanlı qeyd edib ki, L. Yunusun müdafiəsi ilə əlaqədar başqa hüquq müdafiəçilərinin ünvanına fikir söyləmək düzgün deyil.
Qeyd edək ki, bu gün Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı tədbir keçirilib. Tədbirdə L. Yunusun hüquqlarını müdafiə komitəsi yaradılıb.