Ötən gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12 kiloqrama yaxın narkotik vasitə, xüsusi aqrotexniki qaydada yetişdirilmiş 130 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, həmçinin yabanı halda bitmiş, çəkisi 13 tona yaxın çətənə kolları məhv edilib. Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Səfər Mamedovun Şənlik kəndi ərazisindəki torpaq sahəsindən 9 kiloqram 515 qram marixuana, Neftçala RPŞ-nin əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Vüqar Məmmədovdan 16 qram, həyətindən isə 950 qram marixuana, Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Bəhlul Cəbiyevdən 485 qram, Pyotr Briyukovdan isə 480 qram marixuana aşkar edərək götürüblər. O cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini G.Adıgözəlovanın evindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 44 ədəd çətənə kolu, Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Zaur İbrahimovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu, Astara RPŞ-nin əməkdaşları Şahağacı kəndi sakini, əvvəllər məhkum olunmuş Xosrov Rüstəmovun torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edərək götürüblər.
Göygöl RPŞ-nin əməkdaşları Sarısu kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 5,5 ton olan 1553 ədəd, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Ağstafa dəmir yolu stansiyanın ərazisində çəkisi 80 kiloqram olan 106 ədəd, Zaqatala RPŞ-nin əməkdaşları Yengiyan kəndi ərazisindən çəkisi 6 ton olan 12901 ədəd, Samux RPŞ-nin əməkdaşları Çobanabdallı kəndi ərazisindən çəkisi 600 kiloqram olan 3340 ədəd, Gədəbəy RPŞ-nin əməkdaşları Yeni Saratovka və Qoşabulaq kəndləri ərazisindən çəkisi 800 kiloqram olan 1600 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.