Bakı şəhərinin Nizami rayonunda mənzildən meyit tapılıb. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, meyit Keşlə qəsəbəsindəki həyət evində tapılıb. Ölən şəxsin 30 yaşlı Leç Udiyev olduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində bəlli olub ki, L. Udiyev evi Moskvada yaşayan hansısa milyonçudan kirayəyə götürübmüş. Kriminalistlər meyitin tapıldığı yerdə istifadə edilmiş şpris aşkarlayıblar və buna görə də onun ölümündə narkotik vasitənin ölümcül təsiri yüksək ehtimal kimi qiymətləndirilir. Amma bu versiya ətraflı ekspertizadan sonra təsdiqini tapa bilər.
Bakıdakı çeçen icmasının rəhbəri Ramzan Mollayev deyib ki, ola bilsin ki, ölən şəxs qaçqındır və məsələ ilə bağlı araşdırma aparılmalıdır. Lakin onun arabir Bakıda olması barədə polisdə məlumat var. Bildirilir ki, L.Udiyev ölümündən əvvəl dostuna ürəyində problem olduğunu bildiribmiş.