“Sabah müharibə başlasa, qəsəbəyə şəhid gəlsə, dəfn etməyə yer yoxdur. Çünki qəsəbədəki Şəhidlər Xiyabanını da zəbt ediblər. Bura bir ailə köçüb, evinin qapısını xiyabana açıb”. Lent.az-ın xəbərinə görə, bunu “Azadlıq” radiosunun “qaynar xətt”inə Keşlə qəsəbəsinin sakini Lətif Mikayılov deyib.
Bakının Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinin sakinləri bir ailənin Əfşari küçəsindəki Şəhidlər Xiyabanına açdığı qapının bağlanmasını tələb edirlər.
Sakinlərin dediyinə görə, Xiyabana qapı bu günlərdə açılıb. Qəsəbə sakini Məhərrəm Hüseyn bunu edən ailəni məhkəməyə verəcəklərini bildirib: “Əgər bu qapı hörülməsə biz məhkəməyə qədər gedəcəyik. Buna rəsmi icazə verən qurumu da məhkəməyə verəcəyik”.
“Keşlənin hər tərəfini satıblar. Qəsəbədə bir qarış torpaq qalmayıb. Bircə Xiyaban qalmışdı, ona da göz dikdilər. Utansınlar, məzaerlığı da satın alıb qapı açırlar. Bu qapıdan necə çıxacaqlar? Qəbirlərin üstünə qapı açılar?” – deyə, Eldar Həsənov adlı qəsəbə sakini söyləyib.
Ərazidə ağaclar əkilib, oturacaqlar quraşdırılsa da, bir gecədə hamısı yığışdırılıb: “Hamısı yığışdırıb, bura qapı açıblar. Bu, bizim şəhidlərimizə hörmətsizlikdir”.
Ev sahibinin həyat yoldaşı isə deyilənlərlə razılaşmır. O, bildirib ki, əksinə, onlar bura köçəndən sonra ərazidəki zibilliyi təmizləyiblər, abadlıq işi görüblər. Xiyabana qapının açılmasına gəlincə, bu qapını ehtiyat qapı kimi açdıqlarını, evin əsas giriş qapısı isə başqa səmtə olduğunu deyib.
Nizami rayon İcra hakimiyyətinin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev bildirib ki, ev sahibinin açdığı qapı Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənəddə əksini tapıb. Bu səbəbdən də icra nümayəndəliyinin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Sakinlər narazıdırsa, məhkəməyə müraciət edə bilərlər.
Sakinlər qəsəbədə iki dəfə etiraz aksiyası keçiriblər. Onlar bu addımın nəticəsini görmədiklərindən məhkəməyə müraciət etmək qərarına gəliblər.