Rəsmi Bakı ATƏT missiyasına noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş ermənilərə məxsus Mi-24 hərbi helikopterinin düşdüyü yerə getmək icazəsi verməyib.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndi televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ərazidə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nəzərə çatdırıb: “İstənilən monitorinq əvvəlcədən planlaşdırılır. Bu səbəbdən monitorinqlər öncəsi hazırlıq işləri aparılır. Növbəti monitorinqin keçirilməsi üçün müraciətimiz helikopterin vurulmasından öncə olub. Təbii ki, biz helikopterin düşdüyü yerdə monitorinq keçirmək istədik. Amma mənim Azərbaycandakı həmkarım bildirdi ki, bu ərazidə vəziyyət çox gərgindir, fəaliyyət göstərməyimiz üçün təhlükəsizliyimizə təminat yoxdur. Ona görə də monitorinqi plan üzrə keçirmək qərarına gəldik. Çalışıram ki, helikopterə tezliklə baxış keçirə bilək”.
Qeyd edək ki, bu gün A.Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.
Xatırladaq ki, "RİA Novosti" agentliyi ATƏT-in kommunikasiya və media ilə əlaqələr şöbəsinin əməkdaşı Mersiya Çauşeviç-Podziçə istinadən A.Kaspşikin helikopterin düşdüyü əraziyə baş çəkməsi ilə bağlı xəbər yayıb. Lakin həm Mersiya Çauşeviç-Podziç, həm də Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamalarında bu xəbəri təkzib ediblər.