Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə,Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Türkiyə Respublikasının vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb.
Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib. Nəticədə, çantanın iç cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 4 ədəd tapança patronu aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan patronlar zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, "BROWNING lang", "BROWNING", "Long Remington", "Selbstlade-Pistole", "DWM 538", "Parabellum" konstruksiyalı tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş birdəfəlik istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır.