Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan “Airbus A400M” tipli hərbi yük təyyarəsi İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb. Təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulubmuş. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın baş naziri Mariano Raxoy bildirib.
Son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb. Ekipaj üzvlərinin ispan olduğu bildirilir. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu müəyyənləşdirilib. Bundan əvvəl qəza nəticəsində 8-10 nəfərin öldüyü bildirilmişdi.
Qeyd edək ki, “Airbus A400M” tipli hərbi yük təyyarəsi havaya qalxdıqdan 1 dəqiqə sonra qəzaya uğrayıb.
Qəzanın səbəbləri araşdırılır.