Bu gün Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, prosesin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.