Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1993-cü il təvəllüdlü Quliyev Mahir Qədir oğlu bu gün Bakının Yasamal rayonunda dəfn edilib.
APA TV-nin məlumatına görə, şəhidin qohumu Anar Tahirov bildirib ki, Azərbaycan Texniki Universitetinin məzunu olan M.Quliyev ailənin ilk övladıdır: "Aprelin 2-də Seysulan kəndinin düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Düşmənin bir tankını və canlı qüvvəsini məhv etdikdən sonra iki əsgər yoldaşının həyatını qurtarıb, onlar hazırda hospitalda müalicə alırlar. Yaralı dostlarının dediyinə görə, Mahir onları çıxardıqdan sonra yenidən geriyə dönüb".
Dəfn mərasimində şəhid əsgərin dəfn mərasimində xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.
Cənazəsinə bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.