Hafiz Məmmədov bəyanat yaydı: "Yalandır!" - YENİLƏNİB
0
0
Azərbaycanlı oliqarx, Fransanın “Lans” və İngiltərənin “Sheffield Wednesday” klubunun sahibi Hafiz Məmmədov bu dəqiqələrdə İngiltərədə bəyanatla çıxış edib.
Virtualaz.org saytıxəbər verir ki, H.Məmmədovun guya ötən bazar günü ölkəni tərk etmək istərkən Bakı aeroportunda saxlanıldığı barədə yerli saytların birində yer alan, daha sonra Fransa və İngiltərə mediasında ildırım sürəti ilə tirajlanan məlumatı təkzib etmək üçün bəyanat yaymalı olub.
Bəyanat “Sheffield Wednesday” klubu tərəfindən “The Star” qəzetinə və digər media orqanlarına yayılıb.
Bəyanatda deyilir: “Mənim həbsim və Azərbaycanda saxlanılmağım barədə bəzi əsassız şayiələr yayılıb və aydındır ki, bu şayiələr mənim tərəfimdən qətiyyətlə təkzib olunur. Habelə Dövlət Sərhəd Xidmətində bu şayiə dərhal rədd edilib.
Belə görünür ki, bu gün mənimlə bağlı situasiya ətrafında yalan və zərərli spekulyasiyalar çaşqınlıq yaratmaq, mənim maliyyə holdinqimi və öhdəliklərimi şübhə altına almaq üçün istifadə olunur. Mətbuatda mənimlə bağlı yer alan iddiaların heç bir əsası yoxdur və mən ailəmə və özümə qarşı zərbə vurmaq məqsədi ilə ortaya atılmış bu şayiəni yayanlara qarşı zəruri hüquqi addımlar atacağam”.
***
22:27
“Hafka” kimi tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun ötən bazar günü Bakı aeroportunda saxlanılması barədə Azərbaycan KİV-lərində yayılan xəbərlər Fransa və İngilərə media məkanına da sıçrayıb.
Virtualaz.org saytı xəbər verir ki, Fransanın “L'Equipe” jurnalı Azərbaycan KİV-lərinə istinadən H.Məmmədovun saxlanıldığı barədə məlumata yer verib.
Digər bir neçə Fransa saytları da jurnala istinadən xəbəri tirajlayıblar. Bildirilir ki, H.Məmmədovun “Lans” klubunun yüksək liqaya buraxılması məsələsində problem yarandığı bir vaxtda bu həbs xəbəri klubun taleyi ilə bağlı şübhələri daha da artırır.
Həmçinin İngiltərə mediası H.Məmmədovun həbsi barədə xəbər yayıldığına yer verib. Hereisthecity.com saytı qeyd edir ki, bu həbs xəbərinə nə H.Məmmədovun klubundan, nə də onun nümayəndəsindən heç bir şərh verilməyib. Sayt bu şayiələrin H.Məmmədov tərəfindən alınan “Şeffild Uednesdey” klubunun azarkeşlərini də narahat edə biləcəyini yazır.
0
0