Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi geniş tədbirlərlə yad edilib.
DGK-dan “APA-Economics”ə verilən məlumata görə, dahi rəhbərin gömrük xidmətinin yaradılmasında, müasirləşdirilməsində, onun maddi-texniki bazasının genişləndirilməsində və ümumiyyətlə, gömrük sisteminin inkişafındakı rolu ilə bağlı Akademiyanın tələbə və müdavimləri, eləcə də şəxsi heyəti qarşısında mühazirələr təşkil olunub. Mühazirələrin təşkilində Akademiyanın əməkdaşları ilə yanaşı, ölkənin ali elm və təhsil ocaqlarının lektorları da yaxından iştirak edib.
Bundan əlavə, Gömrük Akademiyasında Heydər Əliyevə həsr edilmiş mövcud guşə təzə eksponatlarla zənginləşdirilib. Bu ali təhsil müəssisəsinin kitabxanasındakı dərslik, o cümlədən Heydər Əliyevlə bağlı kitab, broşüra və digər çap məhsullarının siyahısı və kartotekası yeniləşdirilib, lazımi qaydaya salınıb. Akademiyada tədris prosesində mütəmadi olaraq “Heydər Əliyev müasir Azərbaycan gömrüyünün banisidir” mövzusunda açıq və interaktiv dərslər təşkil edilib. Həmin dərslərin aparılmasına DGK-nın müvafiq idarə və şöbələrinin aparıcı mütəxəssisləri də cəlb edilib.
Akademiyanın həyətyanı sahəsində tələbə, müdavim və şəxsi heyət tərəfindən kütləvi iməclik işləri aparılıb. Burada 150 ədədə yaxın ağac və gül kolları əkilib, 300-ə yaxın ağaca aqrotexniki qulluq göstərilib. Akademiyanın həyətində və inzibati binasında da təmizlik-abadlıq işləri aparılıb.
Akademiyanın kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib, onun həyat və yaradıcılığından bəhs edən eksponatlarla yaxından tanış olub. Tələbə özfəaliyyət kollektivi isə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdikləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalında fəal iştirak edərək final mərhələsinə yüksəlib və yekun konsertdə iştirak edib.
Heydər Əliyevin doğum gününə həsr edilmiş idman yarışlarında da Gömrük Akademiyasının kollektivi fəal iştirak edib. Akademiyada keçirilmiş dama, şahmat və stolüstü tennis yarışlarının qaliblərinə fərqlənmə diplomları təqdim olunub.
Nəhayət, yekun tədbir olaraq Gömrük Akademiyasında təntənəli yığıncaq keçirilib, tələbə və müdavimlər Heydər Əliyevin həyat və yaradıcılığına dair məruzələrlə çıxış ediblər. Yığıncağın bədii hissəsində isə tələbələr musiqi nömrələri ilə çıxış ediblər. Sonra bir qrup tələbə və müdavimlərə fəxri diplomlar təqdim olunub. Tədbir ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.