Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunu qəbul edib. Komitədən Lent.az-a verilən məlumata görə, DGK sədri Aydın Əliyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Aydın Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iqtisadi-ticari münasibətlərdən də söhbət açıb, iki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə, o cümlədən iqtisadi sferada əldə olunan nailiyyətlərdən danışan DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb.
Qəbula görə təşəkkür edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun qardaş ölkədə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, respublikamızda hərtərəfli və sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat xüsusilə, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.