Prezidenti İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb.
Müəyyən edilib ki, Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə isə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmaq, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək, prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq və prezidentə təqdim etmək tapşırılıb.