Bakıda gecə klubunun qarşısında baş vermiş qətlin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin də üstünü açıb. Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub və dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs – Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.
Bu zaman E. Ağazadə üstündə gəzdirdiyi bıçaqla V. Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.