FHN-dən civə xəbərdarlığı
03 mart 2016 12:48 (UTC +04:00)

FHN-dən civə xəbərdarlığı

 

 

Fövqəladə Hallar Nazirliyi (FHN) məişətdə civə dağılmaları ilə bağlı əhaliyə müraciət edib.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, məişətdə civə dağılmaları ilə əlaqədar FHN-nin “112” qaynar xəttinə çoxsaylı zənglər daxil olur. Nazirlik də civənin insan orqanizmi üçün təhlükəli maddə olduğunu nəzərə alaraq, bununla bağlı bir sıra təhlükəsizlik qaydalarını əhaliyə xatırlatmağı vacib bilib.

 

Müraciətdə ifadə edilir ki, məişətdə, əsasən, tibbi termometrlərin tərkibində rast gəlinən civə çox zəhərli metaldır. Belə ki, dağılan civə kiçik kürəciklərə ayrılır, asanlıqla döşəmə, divar və mebeldəki çatlara daxil olur, tədricən buxarlanaraq insanı zəhərləyir.

 

Məişətdə civə dağıldıqda dağılmış civəyə toxunmamaq, insanları və ev heyvanlarını otaqdan çıxarmaq, digər otaqların qapılarını bağlamaq, civə dağılan otağın pəncərəsini açmaq, “112” qaynar xəttinə məlumat vermək və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisini gözləmək lazımdır.

 

Bundan başqa, civəni müstəqil yığmaq zərurəti yaranarsa, vətəndaşlar əllərinə mütləq rezin əlcək geyinməli, ağızlarını yaş tənziflə bağlamalı, civəni nəm vərəq və ya pambıqla, skotç, plastır və ya rezin pipetka ilə toplayaraq içində soyuq su olan bankaya yığmalı, ağzını kip bağlamalı, həmin yeri sabunlu-sodalı, xlorlu və ya marqanslı məhlulla silməli, bankanı və civəyə toxunmuş digər əşyaları (əlcək, skotç, termometr və s.) FHN əməkdaşlarına təhvil verməlidir. 

 

Dağılmış civəni tozsoran və ya süpürgə ilə toplamaq, kanalizasiya və ya zibil qutusuna atmaq olmaz! 

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar