Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci yarısında ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu ilin birinci yarımilliyi ərzində respublika ərazisində 4 min 845 təbii və texnogen mənşəli hadisə baş verib. Bu rəqəm 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1021 hadisə və ya 27 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər həlak olub, 93 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.
Baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 4 min 749 çıxış edilib. Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlara – 1084 çıxış, açıq sahələrdə yanğınlara 2 min 624, meşə və meşə talalarında yanğınlara 1, nəqliyyat vasitələrində yanğınlara 184, digər yanğınlara isə 856 çıxış təşkil edilib.
Yanğın hadisələri zamanı 31 nəfər həlak olub, 60 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 nəfər və ya 11 faiz az, xəsarət alanların sayı isə 16 nəfər və ya faiz çoxdur.
Bu ilin birinci yarımilliyi ərzində respublika ərazisində 19 partlayış hadisəsi baş verib. Bu rəqəm 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və 19 faiz çoxdur. Partlayışlar zamanı 5 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb.