“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan hansı düşmənçiliyə görə çıxdığını açıqlamaq istəmirəm”.
Bunu APA-ya açıqlamasında bu gün Demokratik Qüvvələrin Milli Şurasından istefa verən ALP sədri Əvəz Temirxan söyləyib.
Ə.Temirxan deyib ki, Lalə Şövkətə və ALP-yə qarşı bu daxili düşmənçilik Milli Şura yaranmamışdan əvvəl başlayıb: “Elə qüvvələr var ki, hamı ilə düşmənçilik edir. Bu, sağlam təfəkkürə uyğun deyil. 27 oktyabr mitinqindən əvvəl təşkilati məsələlər qoyulmamalı idi. Bu bəyanat, bu istefa bizə lazım deyildi. Mən yumşaldıcı mövqelərə də getdim. Dedim ki, təşkilati məsələləri növbəti sessiyaya saxlayın. Eyni zamanda istefa məsələsinin olmaması üçün Milli Şuranın üzvlərinin sayının 131 nəfərdən 124-122 nəfərə salınması ilə bağlı kompromis təklif etdim. Milli Şura üzvlərinin əksəriyyətinə ünvanlanmış bu müraciətim qəbul edilməyəndə başqa variant qalmadı. Gördüm ki, bizə qarşı düşmənçiliyə rəvac verənlərin əllərinə kart-blanş verilir. Bu, bizə lazım deyil, çünki müxalifətə keçməmişik ki, müxalifət daxilində düşmənçilik edək. Xalqın bütün ümidi Milli Şurayadır, belə olan halda gərək onlar suyu üfürə-üfürə içələr. Bir sözlə, Milli Şura daxili düşmənçiliyə son qoya bilmədi. Bizi başa düşmədilər, ona görə də istefa vermək məcburiyyətində qaldıq”.
Qeyd edək ki, prezident seçkilərindən öncə Əvəz Temirxan Müsavat Partiyası və bu partiyanın başqanı İsa Qəmbəri Lalə Şövkət və ALP-yə qarşı düşmənçilikdə günahlandırıb. Ə.Temirxanın daxili düşmən qismində yenə İsa Qəmbər və Müsavat Partiyasını nəzərdə tutub-tutmamasına gəlincə, o, hamının hər kəsi tanıdığını söyləyib: “Vaxtilə bizə hücum olanda adlar çəkilib. İndi isə mən öncədən ad çəkmək istəmirəm”.
Xatırladaq ki, ALP lideri Lalə Şövkət prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib.