Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrdən sonra Ermənistan mediası və xüsusi xidmət orqanları müxtəlif təxribat üsullarına əl atmağa başlayıb.
APA-nın xəbərinə görə, daxili ictimaiyyət üçün TV-lərində "Azərbaycan əsgərlərinin cəsədlərini" nümayiş etdirən Ermənistan mediası həm də internet saytları və sosial şəbəkələrdə "kəsilmiş erməni əsgərinin başını" göstərməklə dünya ictimaiyyətinin diqqətini yanlış istiqamətə yönəltməyə çalışır.
Yayılan fotoşəkillərin analizi onun hazırkı hərbi əməliyyatlar zamanı və azərbaycanlılar tərəfindən törədildiyini birmənalı şəkildə istisna edir.
Birincisi, fotonun beynəlxalq ictimai rəydə Azərbaycan xalqının və hərbçilərinin mənfi, qaniçən, barbar obrazını formalaşdırmaq uçun ermənilər tərəfindən süni şəkildə hazırlandığı və dövriyyəyə buraxdığı istisna edilə bilməz.
İkincisi, həmin şəkildə qətli törədən şəxsin azərbaycanlı və ya Azərbaycan hərbçisi olduğunu təsdiq edən heç bir dəlil sübut yoxdur.
Üçüncüsü, fotodakı şəxsin yay geyimində olduğu açıq-aydın görünür. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, Silahlı Qüvvələr hələ yay geyim formasına keçməyib. Ordunun əməliyyat keçirdiyi bölgədə də hazırda hava şəraiti bu tip geyimə imkan vermir. Həmin bölgədə hazırda çox soyuq hava şəraiti hökm sürür. Eyni zamanda bu tipli hərbi geyim forması, bronjilet Azərbaycan Ordusunun şəxsi heyəti üçün xarakterik deyil.
Dördüncüsü, şəkildəki şəxs ümumiyyətlə nəinki azərbaycanlıya, heç qafqazlıya belə oxşamır.
Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, ermənilərin yaydığı fotolarınSuriyada çəkildiyi ehtimalı daha çoxdur: “Yayılan fotolara da baxanda onunSuriya hərbçilərinin çəkdiyi və beynəlxalq aləmdə geniş yayılmış fotolarla eyniliyi açıq-aydın görünür. Ola bilər ki, bu şəkillər Suriyada gedən döyüşlərdə çəkilib və ermənilər bunu bizim xalqımıza şamil etmək istəyirlər".
Ü. Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan Ordusunun döyüş taktikasında və ümumiyyətlə, Azərbaycan xalqının tarixində bu cür hadisələr əksini tapmayıb: "Bizim əsgərimiz döyüş şəraitində belə humanizm prinsipinə həmişə sadiqdir. Biz baş kəsən millət deyilik. Lakin bizdən fərqli olaraq, ermənilərin vəhşiliyinə Xocalı faciəsi ilə bütün dünya şahid oldu. Aprelin 2-də keçirilən əməliyyat çox qısa çəkib və bu qısa zaman kəsiyində Azərbaycan hərbçilərinin belə bir addım atması mümkün deyil. Bu, ermənilərin növbəti təxribatı və dezinformasiyasıdır".
Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov da bildirib ki, ermənilər bu tipli saxta fotoları yaymaqla özlərinə haqq qazandırmaq istəyirlər: “Cəbhədəki uğursuzluqları ilə barışa bilməyən düşmən bu kimi təxribatlara əl atıb. Onlar özlərinə haqq qazandırmaq üçün nə desən, edəcəklər”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, ermənilər itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar: “Bu, ilk dəfə deyil, dəfələrlə bunun şahidi olmuşuq. Gün ərzində erməni mətbuatının yaydığı məlumatlar yalandır, saxtakarlığa yol verilir, real vəziyyəti və həqiqəti əks etdirmir. Ermənilərin internet saytlarında yaydığı bu fotolar saxtadır. Həmin görüntülərdən erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu görmək olar. Belə ki, fotolardakı əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir”.