Bu gün Nəsimi Rayon Məhkəməsində tənqidçi-publisist Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qarşı tərəf həkim Firuz İbrahimovun vəkili cinayət işi ilə tanış olmadığı üçün baxış iclasının vaxtının dəyişdirilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edərək, növbəti baxış iclasını noyabrın 25-nə təyin edib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.