Azərbaycan sərhədçiləri mərhum prezident Heydər Əliyevin 95 illik yubileyini və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli surətdə qeyd edib.
Qurumdan Lent.az-a verilən məlumata görə, Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında mərhum prezident Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqlarımızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağımızı yüksəltməyə hər an hazır olmalarını bildirib.
Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvərliyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olunub.